Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda “Neft-qazın geologiyası” adlı baza kafedrası yaradılıb. Geologiya İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, kafedra Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə birgə müqavilə əsasında yaradılıb. Kafedrada geologiya mühəndisliyi ixtisasının tədris planına uyğun bakalavriat və magistratura səviyyəsində elmi-tədqiqat işləri aparılacaq. Dərslər Geologiya İnstitutunun alimləri tərəfindən keçiriləcək.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, baza kafedrası gənc mütəxəssislərin yetişdirilməsi və neft-qaz geologiyası elminin inkişafı məqsədi ilə təşkil olunub. Burada ADNA-nın doktorantları da təhsil ala biləcək.