Bakı. Könül Kamilqızı – APA. Bu gün Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycan Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Sahibkarlığın inkişafına dəstək və KİV-də bu mövzunun müzakirəsi» mövzusunda layihənin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, layihənin rəhbəri Sənan Kərimov mətbuat konfransında çıxışı zamanı deyib ki, layihə çərçivəsində sahibkarlıq subyektlərində monitorinqlər çərçivəsində sorğular aparılıb, sahibkarlığın inkişafının vəziyyəti müəyyənləşdirilib, mövcud problemlərin həlli ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib. Onun sözlərinə görə, layihə Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi, Xətai, Nizami və Nərimanov rayonlarının, Xırdalan şəhəri və Abşeron rayonu sahibkarlıq subyektlərini əhatə edib: «Sorğular zamanı müəyyən olunub ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı ölkədə mövcud qanunvericiliyin və mövcud zamanın tələblərinə cavab vermir. Sahibkarlıq fəaliyyətində mövcud nöqsanları sadalamaqla iş bitmir. Bu nöqsanları doğuran əsas səbəb maliyyə çatışmazlığıdır. Sahibkarlıq fəaliyyətinin üzləşdiyi ən böyük problemlərdən başlıcası isə sahibkarlıq subyektlərinin enerji daşıyıcıları ilə təminatıdır».
S.Kərimov qeyd edib ki, layihə zamanı müəyyən edilən problemlərin həlli üçün AİB müəyyən təkliflər irəli sürüb. Təklif olunur ki, sahibkarlar güzəştli-faizsiz, girovsuz kreditlərlə təmin olunsun, təmənnasız sertifikatlaşdırma sistemi tətbiq edilsin, maddi-texniki bazasına təminat verilməyən sahibkarlıq subyektlərinin fəaliyyəti dayandırılsın, qadınların bu işdə iştirakına şərait yaradılsın, istehsal edilən məhsulların xarici bazara çıxışına şərait yaradılsın.