Bakı. Gülnar Bəşirova – APA. Bu gün gənclər və idman naziri Azad Rəhimov İsmayıllı, Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqataladan olan vətəndaşlarla görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllıda Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.
Müraciətlərin böyük hissəsi idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı ilə bağlı olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər istiqamətində olub. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Qeyd edək ki, bu nazir Azad Rəhimovun sayca 14-cü vətəndaş qəbuludur. İsmayıllıdan öncə nazir Lənkəran, Mingəçevir (2 dəfə), Şirvan, Quba (2 dəfə), Qəbələ, Gəncə, Sumqayıt, Beyləqan, Sabirabad, Şamaxı və Masallıda vətəndaşları qəbul edib.
İsmayıllıda baş tutan qəbul da daxil olmaqla nazir Azad Rəhimov ümumilikdə 560-dan çox vətəndaş qəbul edib.