Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə səhiyyə həftəsinə yekun vurulacaq. APA-nın xəbərinə görə, noyabrın 27-dən başlayan həftəlik çərçivəsində azərbaycanlı və türkiyəli həkimlər tərəfindən müxtəlif müayinə və əməliyyatlar həyata keçirilib.
Səhiyyə Nazirliyinin Akademik Mustafa Bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Ramiz Zamanov bildirib ki, həftəlik ərzində 8 xəstə üzərində açıq tipli ürək əməliyyatı aparılıb, 7 irsi xəstə isə invozid-ürəkdaxili müayinə ilə müalicə edilib.
Onun sözlərinə görə, əməliyyat edilən 8 xəstənin 2-si uşaq, müalicə edilən 7 irsi xəstənin isə 3-ü uşaq olub. Türkiyəli həkimlərlə azərbaycanlı həmkarların birgə əməliyyat etdiyi xəstələr 2 aylıq uşaqdan tutmuş 73 yaşa kimi insanlar olub: “Həftəlik çərçivəsində əvvəlcədən siyahıda nəzərdə tutulan bütün xəstələrin hamısına baxıldı. Onların bəzilərinə operativ göstəriş olundu, bəziləri müayinə olundu, bəzilərinə isə məsləhət verildi və nəhayət nəzərdə tutulanlar əməliyyat olundu”.