Bakı - APA. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor Səməd Seyidov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqda məlumat verib.
Universitetin beynəlxalq əlaqələrindən söz açan rektor Səməd Seyidov həmçinin ADU-nun Rusiya ali təhsil müəssisələri ilə əlaqələrinin uğurla qurulduğunu nəzərə çatdırıb. Dağıstan Dövlət Pedaqoji Universitetinin rektoru Maqomed Abdullayev Dağıstan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələrindən də bəhs edib, rəhbəri olduğu ali təhsil ocağının ADU ilə əlaqələrinin qurulmasında və qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayıb.
Sonra Azərbaycan Dillər Universiteti və Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.