Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, qar ölçmə işləri Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 28 marşrut üzrə aparılacaq. Bunun üçün Milli Hidrometeorologiya Departamenti tərəfindən 2 ekspedisiya təşkil olunacaq. Ekspedisiyalar yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması ilə əlaqədar qar örtüyünü müəyyən edəcəklər.
A. Verdiyev deyib ki, qar ölçmə işləri martın 20-dək davam edəcək. Ölkə ərazisindəki tək qar ehtiyatı yox, aprel, may, iyun aylarında gözlənilən yağıntı, temperaturun dəyişməsi ilə bağlı proqnozlar da hazırlanacaq. Azərbaycan ərazisi ilə yanaşı, Gürcüstan və Türkiyə ərazisindəki qar ehtiyatları ilə bağlı da məlumatlar əldə ediləcək. Bundan sonra təhlillər və hesablamalar aparılacaq. Martın sonunda yaz-yay gursululuq dövrünün proqnozu tərtib olunacaq və müvafiq qurumlara göndəriləcək.