APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, məktəbdə görülən yenidənqurma işləri artıq başa çatıb. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılıb.
Tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunub, tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilib. Üç fənn laboratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Təhsil ocağında siniflərin istilik sistemi ilə təchiz olunmasına xüsusi diqqət göstərilib.
Bundan əlavə, məktəbdəki idman zalı da yenidən qurulub, burada şagirdlərin idmanla məşğul olmaları üçün zəruri avadanlıq quraşdırılıb.
Gələcəkdə məktəbin ətrafında geniş abadlıq işlərinin davam etdirilməsi, idman meydançasının, həmçinin akt zalının daha da genişləndirilməsi planlaşdırılır.
Məktəbdə yaradılan şəraitlə tanış olan prezident tapşırıq və tövsiyələrini verib.