Bakı. Kəmalə Quliyeva – APA. Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndə heyəti Oman Sultanlığında səfərdə olub. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən “8-ci Körfəz Seysmik Forum”unda Azərbaycanı RSXM-in baş direktoru Q. Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 40-dan çox ölkənin alimlərinin iştirak etdiyi forumda seysmik təhlükə və riskin qiymətləndirilməsi ətrafında məruzələr təqdim olunub. Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən respublika ərazisindəki seysmik şərait və risk haqqında məruzə təqdim olunub.
Tədbir çərçivəsində RSXM-in nümayəndə heyətinin dünya şöhrətli seysmoloq alim, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun professoru Nafi Toksöz və Oman Sultanlığının Seysmoloji Mərkəzinin rəhbəri İsa-əl-Hüseynlə ikitərəfli görüşləri olub. Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Oman Sultanlığının Seysmoloji Mərkəzinin rəhbəri İsa-əl-Hüseyn RSXM-də görülən işlərlə tanış olmaq üçün Azərbaycana dəvət edilib. Müzakirələr zamanı növbəti forumun gələn il Bakıda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Forumun gələn ilin yaz-yay aylarında keçirilməsi nəzərdə tutulur.