Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, yenilənmiş layihəni Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
O bildirib ki, məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Qanun layihəsində qeyd olunur ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması və ya yaşaması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, həmçinin vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər.
Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda, eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı isə məhdudlaşdırılmır. Eyni zamanda sənəddə bildirilir ki, Azərbaycanın ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə də daxil edilir.
Yeni məcəlləyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:
- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğində pul vəsaiti olduqda;
- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini (3 müavindən artıq olmamaq şərti ilə) vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.
Dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.
Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan Azərbaycan əsilli insanlar özlərinə əcnəbi anlayışı ilə yanaşılmasından narahatdırlar. Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşmanın olmasını təklif edib. O qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlıq olmamasına baxmayaraq, valideynləri azərbaycanlı olan xarici ölkə vətəndaşlarına imtiyazlar verilməsi vacibdir.
Deputat Tahir Rzayev də çıxışında qeyd edib ki, valideynlər uşaqları xarici dövlətə apararkən bəzi hallarda çətinliklərlə üzləşə bilər, çünki hər iki valideynin icazəsi olmalıdır. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ölkəyə aparılmasına şərait yaradılmalıdır.
Layihə müzakirələrdən sonra ikinci oxunuşda qəbul olunub.