Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin oktyabrın 1-nə olan rəsmi statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 271 210 nəfərin 26,5%-i (336,7 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. “APA-Economics”in xəbərinə görə, bu göstəricilər bu gün qeyd edilən Beynəlxalq Əlillər Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən açıqlanıb.
Fondun İctimaiyyətlə əlaqələr sektorunun məlumatında deyilir ki, onlardan 6,9%-i (23,4 min nəfəri) I qrup, 85,6%-i (288,2 min nəfəri) II qrup, 7,5%-i (25,1 min nəfəri) III qrup əlillərdir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,7%-i müharibə əlilləri, 95,5%-i ümumi səbəbdən əlillər, 0,8%-i isə dövlət qulluqçularıdır.
Qeyd edilir ki, 2006-cı ilin yanvarın 1-dən qüvvədə olan «Əmək pensiyaları haqqında» qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb, əhalinin pensiya təminatında yeni sistemin tətbiqi dövründə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının əhəmiyyətli artımı baş verib. Belə ki, ölkə üzrə əlilliyə görə əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 2006-cı ilin yanvarın 1-nə 32,3 manat olduğu halda, 2012-ci ilin oktyabrın 1-nə bu məbləğ 129,5 manata çatıb.
Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub. Qanunla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlillər, eləcə də I və ya II qrup əlil ata, ana, ər (arvad) yaşından və əmək fəaliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə pensiya hüququna malikdirlər.
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120%-i (I qrup gözdən əlillərə 200%-i) həcmində müəyyənləşdirilib. Bundan başqa, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5%-i məbləğində, I qrup əlillərə qulluq üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 10%-i məbləğində, I qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 100%-i məbləğində (I qrup Böyük Vətən Müharibəsi əlillərinə 140%-i məbləğində), II qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70%-i məbləğində (II qrup Böyük Vətən Müharibəsi əlillərinə 110%-i məbləğində), III qrup müharibə əlillərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 50%-i məbləğində (III qrup Böyük Vətən Müharibəsi əlillərinə 90%-i məbləğində) əlavələr hesablanır.