Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində məcburi ambulatoriya müşahidəsinə göndərmək, psixiatrik müalicəyə məcbur etmək aradan qaldırılacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər nəzərdə tutulub.
Layihəyə əsasən məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi tibbi xarakterli məcburi tədbirlər sırasından çıxarılacaq. Səbəb olaraq göstərilir ki, aparılan müşahidələr nəticəsində anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi işlərinə baxılarkən həkim-psixiatr komissiyasının rəyinin işin faktiki hallarına və xəstənin sağlamlıq durumuna uyğunluğu məhkəmələr tərəfindən düzgün qiymətləndirilməyib.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi həkim-psixiatr komissiyalarının rəyi əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, bu kimi işlər üzrə rəylər buna səlahiyyəti olmayan həkim-məsləhət komissiyası tərəfindən verilib. Bu səbəbdən hazırkı qanunvericiliyə istinad edərək məhkəmələrin qəbul etdiyi qanunsuz qərarlar əsasında şəxsin ambulator müalicəyə və psixiatr müalicəsinə keçirilməsi onun faktiki azadlığa buraxılması ilə nəticələnir. Əksər hallarda da bu xəstələr sonradan təkrarən ağır cinayətlər törədirlər. Yeni layihə qüvvəyə mindiyi təqdirdə tibbi xarakterli məcburi tədbirlər daha yüngülü ilə əvəzləndikdə şəxsin sağlamlıq durumunu komissiya deyil, ekspertiza müəyyən edəcək. Ekspertizaların keçirilməsinə isə psixiatriya sahəsində yüksək biliyə və təcrübəyə malik olan müxtəlif səhiyyə müəssisələrinin mütəxəssisləri cəlb ediləcəklər. Layihənin parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclasında müzakirəyə çıxarılması gözlənilir.