«APA-Economics»in məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə təklif edilən və Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan əlavə və dəyişikliklərə əsasən, qaydaların pozulmasına görə cərimələrin məbləği hazırkı 5-20 manatdan 200 manata qaldırılıb.
Qaydaların pozulması hallarına ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılması, qidalandırılması, gəzdirilməsi və yetişdirilməsi, ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə daşınması qaydalarının pozulması aiddir.
Baytarlıq xidməti orqanı ilə razılaşdırmadan ev heyvanlarının yarışlarının keçirilməsi də qanun pozuntusu sayılacaq.
Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq it-pişik saxlayanlar, eləcə də, heyvanları baytarlıq uçotuna alınmadan saxlayanlar da cərimələnəcəklər.
İtlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə, itləri sərxoş və ya narkotik maddə təsiri atında gəzdirilməsinə görə də 200 manat cərimə tətbiq olunacaq. Ev heyvanlarının insanların üzərinə saldırılması (yəni, qısqırdılması) da 200 manat cərimələnən hallara aiddir. Belə hərəkətlərə təkrar yol verənlər 300 manat cərimələnəcək. Bu hərəkətlər nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına səbəb olduqda isə cərimənin məbləği 1 000 manata qaldırılır.
Qeyd edək ki, 1 000 manatlıq cərimə o zaman tətbiq edilir ki, baş verən hadisə cinayət məsuliyyətinə səbəb olmasın.