Bakı. Kəmalə Quliyeva – APA. Milli Məclisdə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi 3 fəsil, 16 maddədən ibarətdir. Qanun ilk dəfə olaraq uşaqların sağlamlığının qorunması məqsədilə dispanzerizasiyasını nəzərdə tutur. Bu, xəstəliklərin erkən aşkarlanmasına, uçotunun aparılmasına, avtomatlaşdırılmış uçot sisteminin tətbiqinə yardım edəcək”.
Millət vəkili Fazil Mustafa deyib ki, dispanserizasiyanın pulsuz olması qanun layihəsində öz əksini tapmalıdır.
Millər vəkili Elmira Axundova deyib ki, nikaha daxil olan şəxslərin tibbi arayışının icbariliyi tətbiq olunmadıqca, ölkədə qan xəstəlikləri çoxalacaq: “Mən başa düşmürəm ki, bu məsələnin müzakirəsinə nə mane olur?”
Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, tək uşaqların yox, bütün əhalinin dispanserizasiyası aparılmalıdır: “Son illər Hepatit C və şiş xəstəlikləri çox geniş yayılıb. Ona görə də ildə bir dəfə əhalinin ağciyəri rentgen olunmalı, qadınlar mammoqrafiya, kişilər prostat vəzinin müayinəsindən keçirilməlidir. Heç olmasa ildə bir dəfə bu müayinələr aparılmalıdır”.
Millət vəkili Qüdrət Həsənquliyev hazırlanan qanunu “inqilabi əhəmiyyətli qanun” adlandırıb. O qeyd edib ki, normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa görə, bu cür qanunlar müzakirə olunanda maliyyə arayışı tələb olunmalıdır: “Bu məqsəd üçün lazımi maliyyə ayrılmalıdır. Ümid edirəm ki, qanun layihəsinin ikinci oxunuşuna qədər qanunun icrası üçün nə qədər maliyyə tələb olunduğu açıqlanacaq”.
Azərbaycanın baş pediatrı Nəsib Quliyev isə qeyd edib ki, 2003-cü ildən bu yana ölkədə uşaqların sağlamlığı ilə əlaqədar çox önəmli qanunlar qəbul olunub. Qanun layihəsi bu illər ərində aparılan islahatların məntiqi davamıdır: “Qanun layihəsinə bu işi aparacaq tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bənd salınsın. İcbari dispanserizasiya üçün valideynlərin razılığının tələb olunması ilə əlaqədar bəndin layihədən çıxarılması da yaxşı olardı”.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.