APA-nın xəbərinə görə, vətəndaşların qəbulu zamanı əsasən 22 may saat 15:00-dan 23 may saat 15:00-a kimi qəbul edilən müraciətlər araşdırılıb.
İlk öncə nazirə məlumat verilib ki, hazırda nazirliyin “Facebook” səhifəsində 10 mindən çox istifadəçi var və onlar tərəfindən mütəmadi olaraq müxtəlif müraciətlər daxil olur. Bugünkü qəbul üçün əvvəldən müəyyən olunan müddətdə nazirliyin “Facebook” səhifəsinə 70-ə yaxın müraciət daxil olub: “Onlardan 10-nun sualı nazirliyin səlahiyyətlərinə uyğun olmadığı üçün digər qurumlara müraciət etmələri bildirilib. 20 müraciət təşəkkür məktubu xarakterli olub. 30-dan çox şəxsin müraciətinə isə baxılması nəzərdə tutulur”.
Daha sonra nazir Fizuli Ələkbərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər zaman vətəndaşlarla işləyən, onların problemlərini vaxtında araşdıran dövlət qurumudur. Onun sözlərinə görə, mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az saytları vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır: “Əhaliyə xidmət, o cümlədən vətəndaş müraciətlərinin cavablandırılması sisteminin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron imkanlardan da istifadə olunmaqla məqsədyönlü işlər davam etdirilir. Burada əsas məqsəd bütün vasitələrdən istifadə etməklə vətəndaşlarla daha yaxın olmaq, onların problemlərini daha yaxından araşdırmaq və ehtiyacı, çətinlikləri həll etməkdir”.
Müraciətlər daha çox mənzil təminatı, işlə təmin olunma, əlillik dərəcələrinin verilməsində yaranan problemlərin həlli, ünvanlı sosial yardımların verilməsi və digər məsələlərlə bağlı olub. Hər bir müraciəti cavablandıran nazir onların həlli istiqamətində lazımi tapşırıqlar verib. Bəzi müraciətlərin həlli ilə bağlı vətəndaşların müraciəti nəzarətə götürülüb, onların həlli istiqamətində nazirliyin müvafiq şöbələrinə müraciət etmələri qeyd edilib. İki vətəndaşın müraciəti ilə bağlı nazir Fizuli Ələkbərov şəxsən Sumqayıt rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova və SƏhiyyə Nazirliyinə şəxsən müraciət edəcəyini deyib.
Qeyd edək ki, son iki gün ərzində nazirin vətəndaşları rəsmi “Facebook” səhifəsində qəbulu ilə bağlı yayılan xəbər ümumilikdə 10 500-dən çox izləyici tərəfindən oxunub, 4200-dək bəyənilib, habelə 90-a yaxın təşəkkür mesajı qeydə alınıb. Ümumilikdə 100-ə yaxın müraciət ünvanlansa da onların bir qismi müraciətlərin məzmununun anlaşılmaması, müraciət müəllifinin ad və soyadının, ünvanının bildirilməməsi, yaxud tam ifadə olunmaması və digər səbəblərdən qəbul edilməyib.