Bakı. Könül Kamilqızı - APA. Aprelin 22-27-də Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, immunlaşdırma həftəsi Bakı və bütün bölgələri əhatə edəcək. Qeyd olunub ki, 2007-ci ildən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsinin keçirməsi təşəbbüsündə iştirak edir.
Azərbaycanda 2013-cü ildən həyata keçirilən immunlaşdırma həftəsinin əsas məqsədləri planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması, pnevmokok əleyhinə vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə bu infeksiya tərəfindən törədilən uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, qızılca, məxmərək xəstəliklərinin eliminasiyası naminə nəzarətin gücləndirilməsi və qızılca, məxmərək, parotitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir.
İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcəkdir. 23 aprel tarixində Elmi-Tədqiqat Pediatriya İnstitutunda Pnevmokok infeksiyasına qarşı peyvəndin Azərbaycan Respublikasının İmmunlaşdırma Proqramında tətbiqinin hazırlığına həsr olunmuş konfrans keçiriləcək. Tədbirdə (ÜST) Avropa Regional Bürosunun vaksinlə qarşısı alınan xəstəliklər və immunlaşdırma proqramının eksperti Ludmila Mosina da iştirak edəcək.
Qeyd edək ki, 2013-cü ildə Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünə ÜST-nın Avropa Regionunun üzvü olan bütün 53 dövlət qoşulub.