Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda işəgötürənlər işçilərinin uşaqlarının istirahətinin təşkili haqqında öhdəlik götürə bilərlər.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli APA-ya ki, bu, yeni hazırlanan “Uşaqların asudə vaxtının təşkili” haqqında qanun layihəsində nəzərdə tutulur: “Qanun layihəsində ölkədə uşaqların asudə vaxtının təşkili üçün yay düşərgələrinin yaradılması nəzərdə tutulur. Sovet dövründə dənizkənarı yerlərdə pioner düşərgələri təşkil olunurdu. Uşaqların mütəşəkkilliyinin təşkili, inkişafı üçün bu məqam çox vacibdir. Amerikada tətil vaxtı uşaqlar şəhər kənarına və başqa şəhərlərə, hətta başqa ölkələrə istirahətə gedirlər. Azərbaycanın inkişafı elə həddə çatıb ki, artıq burada da uşaqların istirahəti üçün işlər görülməlidir”.
H.Rəcəbli qeyd edib ki, yay düşərgələrini bərpa etmək külli miqdarda maliyyə vəsaiti tələb edir: “Amma ölkədə çoxlu istirahət mərkəzləri və hotellər var. Onlar bu məsələni həll edə bilərlər. Əsas məsələlərdən biri odur ki, işəgötürənlər işçini işə götürəndə əmək müqaviləsinə uşaqların tətilini təşkil etmək barədə bənd əlavə etməlidirlər. Həmkarlar ittifaqlarına da bu məqsədlə maliyyə vəsaiti ayrılmalıdır. İşəgötürənlər özləri üçün qolf meydançası tikirlər, qoy uşaq düşərgəsi də tiksinlər. Hazırda BDU-nun, Daxili İşlər Nazirliyinin və bəzi təşkilatların yay düşərgələri var. Amma belə düşərgələrin sayı çox olmalıdır. Qanunda bununla bağlı bəzi normalar məcburi olacaq”.