Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilib.
APA-nın verdiyi məlumata görə, dəyişiklik nəqliyyat infrastrukturu obyektin Universal Unikal Eyniləşdirmə Nömrəsinin (UUEN) verilmə qaydası ilə bağlıdır.
İndiyədək hər bir nəqliyyat infrastrukturu obyektinin adına proqram təminatı vasitəsilə avtomatik olaraq daxili UUEN verilib və ünvan informasiya sisteminin qrafiki komponentində nəqliyyat infrastrukturu obyektinə aid saxlanılan qrafiki məlumatlar həmin obyektin adı ilə bu nömrə vasitəsilə bağlanıb. Bundan sonra isə hər bir nəqliyyat infrastrukturu obyektinin adına proqram təminatı vasitəsilə deyil, Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə avtomatik olaraq daxili UUEN veriləcək.
Qeyd edək ki, UUEN məlumatların emalı üzrə proqram təminatının yaradılmasında istifadə edilən Beynəlxalq Standartlaşdırma Təşkilatının standartlarına uyğun eyniləşdirmə standartı olub, paylanmış sistemlərdə koordinasiya mərkəzi olmadan informasiyanı unikal qaydada eyniləşdirməyə imkan verən nömrədir. Nəqliyyat infrastrukturu obyektlərinə küçələr (o cümlədən nəqliyyat vasitələrinə keçid üçün məhdudlaşdırılmış küçələr), prospektlər, avtomobil yolları və meydanlar daxildir.