Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda pedaqoji elmlərin müasirləşməsinə ehtiyac var. Bu barədə APA-ya açıqlama verən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib. Ə. Ağayev deyib ki, cəmiyyətdə olan inkişaf və yeniliklər pedaqogika elminə tətbiq edilməlidir. Onun sözlərinə görə, bu istiqamətdə dərsliklər və dərs vəsaitləri tamamilə yeni tələbələrə uyğun və müasir məzmunda yazılmalıdır.
Ə.Ağayev bəzi məktəblərdə müəyyən fənlərin tədrisi ilə bağlı olan problemlər barədə də danışıb. O qeyd edib ki, bu gün məktəblərin əksəriyyətində əmək təlimi, bədən təlimi, rəsm təlimi keçilmir: “Belə olduğu halda uşaqların fiziki qabiliyyəti necə formalaşır? Bu fənlər uşağın inkişafı üçün əsas amillərdən biridir. Bu problemin həlli istiqamətində müzakirə aparılacaq və müvafiq işlər gördükdən sonra Təhsil Şurası olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinə lazımi təkliflər verəcəyik”.