APA-nın xəbərinə görə, bu barədə Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib. O deyib ki, bununla əlaqədar MHA-nın Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərinə hazırda aidiyyatı dövlət orqanlarında baxılır. Təkliflər qəbul ediləcəyi halda inzibati hüquqpozmalara görə fiziki şəxslər 1000, vəzifəli şəxslər 2000, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə olunacaqlar. Törədilən əməldə cinayət tərkibi olduqda hüquq pozuntusuna yol vermiş şəxsin 3000 manat cərimə və ya 160 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılması, eyni əməllər təkrar, qabaqcadan əlbir olub bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud külli miqdarda zərər vurulduqda 7000 manat miqdarında cərimə və 2 ildən 4 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.