Bakı. Könül Kamilqızı-APA. Son 10 il ərzində Azərbaycanda ölüm göstəricisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nazirliyin kollegiya iclasında deyib. Bu göstəricilərə görə, Azərbaycan Avropa ölkələri sırasında öndə gedir. Bunun məntiqi nəticəsi kimi orta ömür uzunluğu bu illər ərzində artaraq 72,3 yaşdan 73,8 yaşadək yüksəlib.
Qeyd olunub ki, ölkədə ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilib. Nəticədə respublikada körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enib.