Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda piratçılıqla mübarizə güclənəcək və rəqəmli şəbəkədə hüquqların idarə edilməsi təkmilləşdiriləcək. APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə Avropanın 9 dövləti ilə birgə yeni layihə hazırlanıb. K.İmanovun sözlərinə görə, layihə rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqlarının təminatı və idarə edilməsini, lisenziyalaşdırılma monitorinqinin aparılması, xüsusi məlumat bazasının yaradılmasını nəzərdə tutur: “Azərbaycanda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlayıb. Belə ki, pirat nüsxələrin istehsalını və yayılmasının qarşısının alınması üçün əsərlərin, fonoqramların, kompüter proqramlarının və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırda rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi üzrə elektron xidmətlər sisteminin formalaşdırılması işi başa çatmaqdadır. Bu sistem vasitəsilə kommersiya məqsədilə yayılan əsərlərə, fonoqramlara, audio-vizual əsərlərə və tərkibində əqli mülkiyyət olan digər mallara rəqəmsal kodlar veriləcək”.