Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı bəzi sahələrdə, xüsusilə məhkəmə sektorunda konkret problemlər və müəyyən boşluqlar mövcuddur. Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov deyib.
O bildirib ki, bəzi hakimlər mövcud sahədəki vəziyyəti bilmədiyi üçün müəyyən qərarlar verərkən səhvə yol verirlər: “Bu problemlərin qarşısını almaq üçün qanunvericilik sahəsinin inkişaf etdirilməsinə daha çox fikir verilməlidir. Bu gün Azərbaycanda uşaq və qadın hüquqları sahəsində xüsusi vəkillərin, sosial işçilərin və psixoloqların müəyyən edilməsi və təlimləndirilməsinə ehtiyac var. Xüsusilə sosial iş sektorunda tamamilə boşluqdur və ciddi nöqsanlar mövcuddur. Hazırda Milli Məclisdə “Yuvenal ədliyyə” haqqında qanunun qəbul edilməsi məqsədilə xüsusi işçi qrupu yaradılıb. Bu qanun layihəsi mövcud problemin qarşısını almağa xidmət edəcək. Burada qanun pozuntusuna yol verən, öz hüquqlarını məhdudlaşdıran və zorakılığa məruz qalan uşaqlara yardımın gücləndirilməsi, xüsusi məhkəmə sisteminin yaradılması, ixtisaslaşmış hakimlərin formalaşdırılması kimi yeniliklər nəzərdə tutulur”.