Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev deyib.
Onun sözlərinə görə, monitorinqlərin keçirilməsində əsas məqsəd vulkanların püskürməsi nəticəsində yarana biləcək risk faktorunun qiymətləndirilməsidir: “Azərbaycanda təxminən 10-dək vulkanın yaxınlığında yaşayış evləri yerləşir. Bu vulkanlar əsasən Abşeron və Şamaxı rayonlarındadır. Buna görə də vulkanların dinamikasını izləyib təhlükə haqqında qabaqcadan məlumat almaq lazımdır. Təəssüf ki, artıq o mənzillər tikilib. Lakin bundan sonra vulkanlara yaxın ərazilərdə evlərin tikilməsinə icazə verilməyəcək. Bu vulkanların əksəriyyəti qoruq ərazisi elan olunub. Ona görə də onların yaxınlığında tikinti işlərinin, təsərrüfat tədbirlərinin aparılmasına icazə verilmir. Zəlzələ, vulkan püskürmələri haqqında qabaqcadan məlumat vermək çətindir. Bunlar təbii hadisələrdir. Lakin geoloji riskin qarşısını almaq üçün monitorinqlərin aparılmasına ehtiyac var. Monitorinqlər bir il-il yarım ərzində aparılmalıdır. Bu müddət ərzində tədqiqat işləri görüləcək, püskürmə məhsulları öyrəniləcək, müxtəlif tipli müşahidələr aparılacaq”.
A. Əliyev həmçinin deyib ki, ötən ilin 21 dekabr günü ilə əlaqədar vulkanlarda aparılan monitorinqlərin nəticələri də məlumdur: “Qobustan və Abşeron yarımadasındakı bir neçə vulkanda aparılan monitorinqlər 21 dekabr gününün palçıq vulkanlarına heç bir təsir etmədiyini aydınlaşdırdı. 1981-ci ilin avqustun 31-də günəş tutulması olmuşdu. Günəş tutulması ilə əlaqədar o zaman 14 vulkanda tədqiqat işləri aparılmışdı. Həmin vaxt Günəş tutulmasının vulkan püskürmələrinə təsiri olmuşdu. Bu dəfə 21 dekabrın təsiri olmadı. Dənizə yaxın yerləşən bir-iki vulkanda aktivləşmələr oldu, o da dənizdə baş verən zəlzələlərlə əlaqəli idi”.