Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın milli klaviaturası hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə AMEA-nın müxbir üzvü, Kibernetika İnstitutunun laboratoriya rəhbəri Asəf Hacıyev bildirib. Onun sözlərinə görə, yeni klaviatura vizual görünüşcə hazırda istifadə edilən klaviaturalardan fərqlənməyəcək, sadəcə hərflər Azərbaycan əlifbasındakı kimi düzüləcək.
A.Hacıyev bildirib ki, tarixdə yaradılan ilk klaviatura ingilis dilinə uyğunlaşdırılıb və mexaniki çap maşınlarının əsasında yaradılıb. Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Yeni yaradılan klaviatura buna hesablanıb. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir.
Yeni klaviaturanın layihəsi üçün patent də alınıb.