Bakı. Könül Kamilqızı – APA. Gələn ildən azərbaycanlı həkimlər üçün Türkiyədə təşkil olunan ixtisasartırma kurslarının müddəti 3 aya qədər uzadılacaq. APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu məsələ Türkiyənin səhiyyə nazirinin müavini Hihat Tosunun Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşündə təklif edilib və bu barədə razılığa gəlinib. E.Ağayev bildirib ki, görüş zamanı həkimlərin təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib. Onun sözlərinə görə, görüşdə, həmçinin Türkiyədə təkmilləşmə kursları keçən həkimlərin sayının artırılması da razılaşdırılıb.
Nazir müavini əlavə edib ki, ötən il 350-dək azərbaycanlı həkim Türkiyədə müvafiq ixtisasartırma kurslarından keçib: “Bu il də 100-dən çox həkimin ixtisasartırmadan keçməsi nəzərdə tutulur. Hazırda Türkiyədə 72 həkim ixtisasartırma kurslarında iştirak edir”.