Bakı. Gülnar Bəşirova - APA. Bakı şəhəri üzrə uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı 3788 ərizə daxil olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı şəhərində uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün yaradılan komissiyalar avqustun 5-dən Nəsimi rayonundakı 42 nömrəli məktəbdə fəaliyyət göstərir. Həmin komissiyaların hər birində ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlər təmsil olunur. Avqustun 20-dək müsahibədən keçirilən 1868 uşaqdan 975-nin vaxtından əvvəl I sinfə qəbuluna razılıq verilib. Müsahibə valideynlərin iştirakı ilə keçirilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibənin videoçəkilişi aparılır. Bu il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlarla aparılan müsahibənin sentyabrın 10-da başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə ərizə qəbulu avqustun 20-də başa çatıb.