Bakı. Ramil Məmmədli - APA. Müəllif Hüquqları Agentliyi Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 23 aprel - “Ümumdünya kitab və müəlliflik hüququ günü”nə həsr olunan konfrans keçirib.
APA-nın məlumatına görə, agentliyin sədri Kamran İmanov ümummilli lider Heydər Əliyevin müəllif hüquqlarının qorunması ilə bağlı fəaliyyəti haqqında danışıb. O bildirib ki, H.Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə bu sfera ilə bağlı qanunvericilik bazası formalaşdırılıb və təkmilləşdirilib.
“Ümumdünya kitab və müəlliflik hüququ günü”nün əhəmiyyətini də qeyd edən K.İmanov kitabların insan həyatındakı zəruriliyini vurğulayıb. O, ermənilərin Azərbaycan mədəni irsinə qarşı iddiaları və tarixin saxtalaşdırılmasına yönələn fəaliyyətləri haqqında da fikirlərini bildirib.
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə çıxışında Heydər Əliyevin milli dövlətçiliyin formalaşmasına və inkişafına yönələn fəaliyyətinə toxunub. O, saxta erməni tarixi ilə mübarizənin artırılmasının vacibliyini vurğulamaqla yanaşı, uzun illər ərzində ermənilərin Azərbaycana və türk millətinə yönələn əsassız iddialarının cavablandırılmamasını da təəssüf hissi ilə qeyd edib.
Daha sonra tədbirdə prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin məruzələri dinlənilib.
Məruzə və çıxışlarda erməni müəlliflərin kitablarındakı uydurmalar və belə “əsərlərə” olan “müəlliflik hüquqları” və digər erməni plagiatçılıqları ilə bağlı məsələlərə toxunulub.