Bank Of Baku

Bakıda 31 may ümumdünya tütünlə mübarizə gününə həsr olunmuş tədbir keçirilib

Bakıda 31 may ümumdünya tütünlə mübarizə gününə həsr olunmuş tədbir keçirilib
# 30 may 2013 13:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi (AZ-SHİP) “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AZ-SHİP layihəsi rəhbərinin müavini vəzifəsini müvəqqəti icra edən Ayla Ələsgərova bildirib ki, 1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 31 may bütün dünyada “Ümumdünya Tütünsüz Günü” kimi qeyd olunur. Onun sözlərinə görə, bu il “31 may Ümumdünya Tütünsüz Günü”nün mövzusu “Tütün kompaniyalarının tütünün satışını və sponsorluğunu stimullaşdıran reklamlarına qadağa”dır. Tütündən istifadə dünyada səkkiz əsas ölüm səbəbindən altısına dair risk faktorudur.

 

İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev isə çıxışında qeyd edib ki, tütün dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Onun sözlərinə görə, ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişinin siqaret çəkdiyini müəyyən edir.

 

T. Musayev vurğulayıb ki, İSİM həmçinin bir sıra təşkilatların dəstəyi ilə, eləcə də USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin maliyyə və texniki dəstəyi ilə hazırlanan Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Milli Strategiyanın layihəsini (2013-2020) 2013-cü ilin aprelində müzakirəyə çıxarıb. Tütün çəkmə ilə mübarizə həmin strategiyada da öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR