Bakı-APA. Fevralın 16-da və 17-də Azərbaycanın İntellektual Klublar Assosiasiyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyununun “İçərişəhər kuboku” ikinci beynəlxalq sinxron turnirini keçirəcək.
APA-ya Assosiasiyadan verilən məlumata görə, birinci “İçərişəhər kuboku” 2012-ci ilin payızında keçirilib. Yarışmada Hayfa (İsrail) şəhərinin komandası qalib gəlib. Keçən il olduğu kimi, bu dəfə də turnirə bütün dünyadan iştirakçılar qatılacaq - 17 ölkənin 100-dən çox şəhərindən komandalar iştirak edəcək.
Azərbaycandan başqa oyunlar Belarusda, Böyük Britaniyada, Almaniyada, Gürcüstanda, İsraildə, Qazaxıstanda, Kanadada, Latviyada, Moldovada, Rusiyada, ABŞ-da, Türkmənistanda, Özbəkistanda, Ukraynada, Çexiyada və Estoniyada keçiriləcək.
Ənənəyə görə, hər bir şəhərdə oyundan qabaq İçəri Şəhər, Azərbaycanın tarixinə və görməli yerlərinə həsr olunan məlumat xarakterli mətn oxunacaq.
2013-cü ilin aprel ayına III beynəlxalq sinxron turnirin keçirilməsi planlaşdırılır.