Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda “Ordu-cəmiyyət əlaqələri: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir son zamanlar əsgər ölümlərinə etiraz olaraq keçirilən aksiyalara həsr olunub.
Tədbirdə çıxış edən "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" İctimai Birliyinin sədri Emin Həsənli bir qrup gənc tərəfindən keçirilən aksiyaların Azərbaycan ordusu və Azərbaycan dövlətinin əleyhinə qarşı təxribat xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, dövlətçiliyə qarşı olan bəzi şəxslər bir qrup gənci aldadaraq onlardan istifadə edir, xalqın adından danışır: “Son vaxtlar ölkəmizin vətəndaşları olan bir qrup şəxs düşmən qüvvələrinin bizə olan münasibətindən yararlanaraq daim ölkəmizə qarşı qərəzli mövqedən yanaşır, böhtan xarakterli çıxışlar edir. Onlar şəxsi mənafelərini güdərək ordumuzu aşağılamağa çalışırlar. Bununla bağlı keçirilən mitinqlər də buna bariz nümunədir. Bu gün Azərbaycan gəncliyi Azərbaycan dövlətini və onun siyasətini dəstəkləyir və dəstəkləyəcək. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Biz imkan verməyəcəyik ki, bu şəxslər Azərbaycan ordusunu aşağılasın, ordunun və dövlətin imicinə zərbə vursun”.
Əsgər ölümlərinin başqa ölkələrin ordularında da baş verdiyini vurğulayan E. Həsənli heç bir ölkədə buna qarşı aksiyaların keçirilmədiyini qeyd edib. E. Həsənli deyib ki, Azərbaycan ordusuna ictimai nəzarət olmaması barədə fikirlər də yanlışdır, aidiyyatı QHT-lər tərəfindən orduya nəzarət var.
“Qaçqın və Məcburi Köçkün Gənclər” təşkilatının sədri Vüqar Qədirli də keçirilən aksiyaları Azərbaycana qarşı həyata keçirilən təxribatın yeni dalğasının başlanmasının göstəricisi olduğunu deyib: “Qərb dövlətləri həmişə Azərbaycana qarşı buradakı qüvvələr vasitəsilə təxribat hazırlayıblar”.