Bakı. Könül Kamilqızı – APA. Bu gün Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir neçə tibb müəssisəsi açılaraq istifadəyə verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əsaslı təmir və tikintidən sonra acılan Bakı şəhər Narkoloji Dispanseri, Bakı şəhər 3 saylı Vərəm Dispanseri, Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi yardım xidmətinin 6 saylı köməkçi stansiyası və 9 saylı köməkçi stansiyasının filialı, 3 saylı Bakı şəhər Klinik Xəstəxanasının Terapiya və Doğuşayardım korpuslarının, habelə Mərdəkan qəsəbəsindəki 2 saylı Ağ Ciyər xəstəlikləri dispanserinin açılışları olub.
Bütün tibb ocaqları kimi bu müəssisələr də müasir səviyyədə təmir olunub, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilib. Tibb müəssisələrin hər birində ən müasir tələblərə cavab verən tibbi avadanlıqlar quraşdırılıb, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub.