Bakı. Könül Kamilqızı – APA. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başlayıb. APA-nın xəbərinə görə, iki gün davam edəcək müşavirənin açılışında çıxış edən çıxış edən Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, qan xidməti tibb müəssisələrini qan və qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. O deyib ki, Azərbaycanda həyata keçirilən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində qan xidməti tibbi avadanlıq, qan torbaları və qan yoxlamaq üçün reaktivlərlə dövlət tərəfindən tam təmin edilib: “Dövlət proqramı çərçivəsində son 5 il ərzində qan donorlarının sayı 2 dəfədən çox artıb, qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Könüllü donorların sayının əhəmiyyətli dərəcədə artması pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Bundan əlavə, son illərdə qan xidməti sahəsində çalışanların əmək haqları 2 dəfədən çox artırılıb. Bütövlükdə ölkədə qan xidməti sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində yüksək nailiyyətlər əldə olunub”.
Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev isə çıxışında bildirib ki, qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşmış tibbi yardımın uğurla həyata keçirilməsi mümkün deyil: “Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlərdə kütləvi sürətdə yaralı və zərərçəkənlərin olduğu zaman xüsusilə artır. Müasir, yüksək müalicəvi texnologiyaların səhiyyəyə təsiri nəticəsində qan və qan komponentlərinə olan ehtiyac daha da artacaq. Beləliklə, qanköçürmə səhiyyənin inkişafında əsas infrastruktur amil olduğuna görə əksər ölkələr üçün əsas prioritetlərdən biri olub”.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qan xidməti rəhbərlərinin 1-ci müşavirəsi İranın paytaxtı Tehran şəhərində, 2-ci müşavirə isə Türkiyənin paytaxtı Ankara şəhərində keçirilib. 2013-cü ildə qurumda sədrlik Azərbaycan keçib və bu çərçivədə 3-cü müşavirə Bakıda təşkil olunub.