Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Abel Məhərrəmov Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu və bu əsərlərdən birinin də BDU olduğunu qeyd edib. Onun sözlərinə görə, XX əsr Azərbaycan xalqının həyatında böyük mübarizələr əsridir: “Bakı Dövlət Universiteti Xalq Cümhuriyyətinin yadigarıdır. Xalq Cümhuriyyəti uzun müddət yaşamasa da, bu illər ərzində çox böyük işlər görülüb. Bu universitet də bu dövrdə müəyyən çətinliklər hesabına olsa belə, yaradılıb. Məmməd Əmin Rəsulzadə və Xalq Cümhuriyyəti liderlərinin universitetin yaradılmasında xüsusi rolu olub. 1991-ci il 18 oktyabrda əldə etdiyimiz müstəqillik də bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşüb”.
Sonra BDU-nun təsis olunması ilə bağlı parlament iclasının tamaşası nümayiş etdirilib, tələbələr tərəfindən konsert proqramı təqdim olunub.