Bakı. Könül Kamilqızı – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Onun sözlərinə görə, ölkədə bütün sahələrdə olduğu kimi, diaspor quruculuğunda mühüm uğurlara imza atılıb: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib”.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da çıxış edərək dünya azərbaycanlılarının birlik və həmrəyliyi sahəsində görülən işlər barədə danışıb. O bildirib ki, dövlət səviyyəsində diaspor quruculuğuna göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlər birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə öz layiqli töhfələrini veriblər. Görülən işlər sahəsində ölkənin diaspor quruculuğu sahəsində mühüm nailiyyət və uğurlara nail olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.