Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın iclası keçirilib.
APA-nın xəbərinə görə, Elmi Şuranın iclasında BDU-da 2012-ci ildə görülən işlərlə bağlı ötən ilin hesabatı təqdim edilib.
BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunması vacib məsələlərdən biridir. Onun sözlərinə görə, bu istiqamətdə ötən il də universitetdə lazımlı işlər görülüb.
BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə 2012-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında hesabat verib. O bildirib ki, BDU-nun 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır: “2012-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 195 mövzu üzrə 1149 elmi iş yerinə yetirilib. Hesabat ilində Universitetdə fəaliyyət göstərən 6 daimi və 10 Birdəfəlik Dissertasiya Şuralarında 90 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Ümumiyyətlə, BDU əməkdaşları, doktorant və dissertantları tərəfindən ixtisas üzrə 10 elmlər doktoru və 85 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilib. Hesabat ilində universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 74 monoqrafiya, 66 kitab, 92 dərslik, 109 dərs vəsaiti, 2462 məqalə, o cümlədən 1761 məqalə respublikada, 701 məqalə xaricdə, 1432 tezis, o cümlədən 623 tezis respublikada, 809 tezis xaricdə, 40 metodik göstəriş, 207 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 32 doktorluq və 146 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik ediblər. 15 doktorluq və 99 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy veriblər. Xaricdə nəşr olunmuş 701 məqalədən 145-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 20,7 %-i impakt faktorlu jurnallarda nəşr olunub”.
BDU əməkdaşları tərəfindən 19, o cümlədən BDU-nun sahibliyi ilə 10 yerli və 2 beynəlxalq patent alınıb. Hesabat ilində universitetin əməkdaşları tərəfindən 86 elmi layihələr həyata keçirilib. Bakı Dövlət Universitetinin Elmi kitabxanası 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.