Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun beynəlxalq bioloji müxtəliflik günü münasibəti ilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, beynəlxalq ictimaiyyətin Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və davamlı inkişaf məqsədləri də daxil olmaqla 2015-ci ildən sonrakı inkişaf məsələlərini müəyyənləşdirmək üçün səylərini gücləndirdiyi bir vaxtda su və bioloji müxtəliflik əsas müzakirə mövzularındandır: “Çox görsənməsinə baxmayaraq əslində planetimizdə mövcud olan su ehtiyatının çox az hissəsi içməlidir. Yaşadığımız dünyada suya olan tələbat getdikcə artır, bir çox hallarda tələbat su ehtiyatını üstələyir və içməli suyun keyfiyyəti çox hallarda minimum standartlara cavab vermir. Mövcud tendensiyalar çərçivəsində gələcəkdə suya olacaq tələbat ödənməyəcək”.
Baş katib bildirib ki, bioloji müxtəliflik və onun təmin etdiyi ekosistem xidmətləri su təhlükəsizliyinin təmin olduğu dünyaya nail olmaq istiqamətində ən önəmli yeri tutur. Ekosistemlər suyun yerli, regional və qlobal səviyyədə mövcudluğu və keyfiyyətinə təsir edir. Meşələr torpaq aşınmasının qarşısını alır və su ehtiyatları və onun keyfiyyətini qoruyur. Sulu torpaqlar daşqın riskini də azaldır. Torpaq bioloji müxtəliflikləri suyun məhsullar üçün qorunmasına yardım edir: “Təbiətə yönəlmiş həll yollarını şəhərlərin planlaşdırılmasına inteqrasiya etməklə biz sürətli urbanizasiya səbəbi ilə su çatışmazlığı probleminin daha sərt şəkildə nəzərə çarpdığı şəhərlər üçün daha dayanıqlı gələcək qura bilərik. Bioloji müxtəlifliyinin əhəmiyyətini dərk etməklə BMT Baş Assambleyası Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illər Bioloji Müxtəliflik üçün Strateji Planının və 2015-ci ildən sonrakı inkişaf gündəliyinin tərkib hissəsi olan Aiçi Hədəflərinin həyata keçirilməsinə səsləyib. Keçən il Davamlı İnkişaf üzrə Rio+20 Konfransında da suyun və onun keyfiyyətinin qorunmasında ekosistemlərin rolu vurğulanıb. Bir zamanlar sudan istifadə və bioloji müxtəliflik arasında əks əlaqəyə daha çox diqqət ayrılsa da, indi əslində bioloji müxtəliflik və su təhlükəsizliyinin qarşılıqlı təsirə malik olduğunu anlamağa başlayıb. Beynəlxalq Su Əməkdaşlığı İlində münaqişədən əməkdaşlığa doğru dəyişiklik baş verməsi çox müsbət haldır.
Beynəlxalq Bioloji Müxtəlif Günündə mən bütün tərəfləri Bioloji Müxtəliflik üzrə Konvensiyaya və Genetik Ehtiyatlardan İstifadəyə dair Naqoya Protokolunu ratifikasiya etməyə çağırıram. Bütün bunlar bizə arzu etdiyimiz gələcəyi qurmağa yardım edəcək”.