Bakı. Könül Kamilqızı – APA. Bu il Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı görülmüş işlərin bir istiqaməti olaraq elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu sahədə görülən işlər nəticəsində universal kurrikulum platforması üzrə 57 ədəd elektron dərs hazırlanıb, həmin şirkət tərəfindən "Rəqəmsal kitab rəfi" həlli və həll çərçivəsində dərsliklər interaktiv formata keçirilib. Bundan əlavə, 10 ədəd milli tədris fənni üzrə elektron tədris resursları hazırlanaraq təhsil portalında yerləşdirilib, 57 ədəd animasiyalı müəllim təqdimatı və multimedia məzmunlu videodərslər hazırlanıb.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması da diqqət mərkəzində olub. Təhsil Nazirliyi üçün elektron formada diplomların məlumat bazası və diplomların mərkəzləşdirilmiş yoxlama portalının hazırlanması üzrə işlər aparılıb, təhsil müəssisələrində yerləşən fərdi kompüterlər ilə Məlumat və Resurs Mərkəzi arasında bağlantı lisenziyaları, məlumatların və İnternetin ötürülməsi təmin edilib, mərkəzin bütün serverlərinə “Vmware” virtuallaşdırma lisenziyaları verilib. Təhsil müəssisələri "Cisco Contact Center Express" çağrı mərkəzi sisteminin yenilənməsi üçün 33, "Cisco TANDBERQ TelePresence" video konfrans sisteminin yenilənməsi üçün isə 21 ədəd lisenziya ilə təmin edilib, onlarda olan kompüterlərin lisenziyalı "Bitdefender SRL" antivirus proqramları ilə təmin olunması üçün 10000 "Plus 2012 antivirus" lisenziyaları verilib.