Bakı. Ramil Məmmədli - APA. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya (PƏMQOU BK) Ottava Konvensiyası üzrə növbəti illik hesabatı təqdim edib.
APA-nın məlumatına görə, ictimai birliyin sədri Hafiz Səfixanov bununla bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Konvensiyaya üzv ölkələrin sayı artaraq 160-a çatıb. Onun sözlərinə görə, konvensiyaya qoşulan ölkələrdə əvvəllər minalanmış olan yüz min
kvadrat kilometrlərlə ərazilər təmizlənib və insanların istifadəsinə verilib: “87 ölkənin
arsenalında olan 46 milyon mina məhv edərək öz arsenalında mina saxlamayıb. Dünya
üzrə həyata keçirilmiş 37 layihə nəticəsində 325000 piyada əleyhinə və 30000 tank əleyhinə mina təmizlənib ki, bunun da nəticəsində 190 kvadrat kilometr ərazi istehsala verilib”.
H. Səfixanov qeyd edib ki, ən əsası isə son il ərzində qeydə alınan yeni mina qurbanlarının sayı kəskin şəkildə azalaraq 4286 nəfərə çatıb. Ancaq bütün bunlara baxmayaraq hələ də hər gün 12 insan mina partlayışlarından həlak olur və ya yaralanır: “2001-ci ildə isə bu rəqəm 32 olub.
Hesabat dövründə minalarla mübarizəyə yerli və beynəlxalq donorlar tərəfindən 662 milyon ABŞ dolları vəsait ayrılıb. Dünyanın 36 ölkəsi - Cənubi Qafqaz ölkələri bura daxil olmaqla, hələ də bu Konvensiyaya qoşulmayıb. Yalnız Suriya minalardan istifadə edib”.
H. Səfixanov 2012-ci il üçün minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən Azərbaycan vətəndaşlarının da statistikasını açıqlayıb: “Aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2012-ci il 11 ayı ərzində 14 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə 2 mülki şəxs həlak olub və 4 mülk şəxs (bir nəfər 15 yaşlı uşaq olmaqla) yaralanıb. Bundan başqa 3 nəfər hərbçi həlak olub və 6 nəfər hərbçi yaralanıb”.
O qeyd edib ki, 2012-ci ildə minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Goranboy (4 hadisə), Füzuli (3 hadisə), Tərtər (3 hadisə), Ağdam (3 hadisə) və Tovuz (1 hadisə) rayonlarının ərazisində baş verib: “Müqayisə üçün bildirmək istərdik ki, 2011-ci ilin analoji dövründə 3 nəfəri mülki şəxs olmaqla 4 nəfər həlak olub və 6 nəfər (3 nəfəri mülki şəxs) yaralanıb”.
H. Səfixanov minadan zərərçəkənlərə faizsiz maliyyə vəsaitlərinin ayrılması ilə bağlı layihənin həyata keçirildiyini söyləyib: “Mina qurbanlarına faizsiz maliyyə vəsaitlərinin verilməsi layihəsinin növbəti fazası uğurla başa çatdırılıb. Layihənin ümumi məbləği 16677 avro olub”.