Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Regional məsələlər üzrə komitəsinin iclasında Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, Sərhədabad, Məşədivəli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Sərhədabad kəndi olmaqla Sərhədabad kənd inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycanın ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.
Qanun layihəsində qeyd olunub ki, Zopun, Cəfərli, Günəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Zopun kəndi olmaqla Zopun kənd inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycanın ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək. Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi yaradılacaq, Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılacaq.
Badamağacı, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi yaradılacaq. Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılacaq. Bundan başqa, İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılacaq.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.