Göyçay. Zahid Abışov - APA. Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar Göyçay rayonunda növbəti qəbul keçirib.
DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarında yaşayan sakinlərin, eyni zamanda Xocalı və Ağdamdan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların operativ şəkildə, mövcud qanunvericiliyə uyğun olaraq həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər naziri tərəfindən qəbul edilən 35 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə görüş zamanı öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrə baxılması üçün isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb.
Qəbulda iştirak edənlər Azərbaycan prezidenti İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşməsi, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.