Bakı. Könül Kamilqızı – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə fəaliyyət göstərən baytar apteklərə xəbərdarlıq edib. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında DBX-nin böyük məsləhətçisi Mustafa Allahverənov deyib. O bildirib ki, vaxtı keçən, ölkəyə qeyri-qanuni yolla gətirilən, qeydiyyatdan keçməyən dərman preparatlar aşkar edilərsə, ciddi tədbirlər görüləcək. M.Allahverənovun sözlərinə görə, hər hansı bir hal aşkarlanarsa, həmin baytarlıq apteklərinin lisenziyası dayandırılacaq. DBX baytar apteklərdə sözügedən dərman preparatlarının satışının təşkil edilməsinin məsləhət görülmədiyini bildirib.
DBX-nin böyük məsləhətçisi qeyd edib ki, xidmət tərəfindən bu il ərzində 400-500 kq həcmində, 115 adda dərman preparatları satışdan çıxarılaraq zərərsizləşdirilib.