Bakı. Ramiz Mikayıloğlu - APA. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Ofisi, Konteynerlərə Nəzarət Proqramının regional koordinatoru Batır Geldiyevlə görüş keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, görüşdə Bakı və Astara Bərə limanlarında konteyner daşınmaları zamanı qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin aşkarlanması, Konteynerlərə Nəzarət Proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinə müasir texniki avadanlıqların verilməsi və sair məsələlər ətrafında söhbət aparılıb.
Görüşdə Azərbaycanda son narkotik vəziyyət, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin vəziyyəti, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib. B. Geldiyevə Dövlət Komissiyasının tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün Ölkə Məruzəsi” təqdim edilib.
Görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi Fikrət Ələsgərov və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Azərbaycan ofisinin hüquq mühafizə orqanları ilə İş üzrə layihələrinin əlaqələndiricisi Sevil Qəmbərova da iştirak ediblər.