AQUPDK-nın Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayev bildirib ki, ölkədə insan alverinin qarşısının alınması məqsədilə bir sıra işlər görülsə də, müəyyən problemlər hələ də qalır. Onun sözlərinə görə, bu işlərdə ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Şöbə müdiri əlavə edib ki, 2012-ci ildə Azərbaycanda insan alveri qurbanı olmuş uşaqlar olmayıb.
AQUPDK-nın hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov qeyd edib ki, bu məsələdə Azərbaycanın daha çox tranzit ölkə kimi istifadə edilir. Onun fikrincə, bu sahədə mövcud problemlərin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir: “İl ərzində komitəyə də həm insan alveri, həm də uşaqların zorakılıq hallarına məruz qalması ilə bağlı müxtəlif müraciətlər daxil olur. Ölkədə məişət zorakılığına məruz qalan uşaqlarla müqayisədə insan alverinə məruz qalan uşaqlara daha çox xidmət göstərilir. Qanunvericilikdə olan bu kimi müəyyən boşluqlar aradan qaldırılmalıdır”.