Bakı. Gülnar Bəşirova- APA. “Son üç ildə boşanmaların ümumi sayına nisbətən uşağı olmayanların boşanma sayının fərqini araşdırdıqda, cəmiyyətdə sonsuzluq probleminin olduğu görünür”.
Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Statistikaya görə, 2009-cu ildə 7784 boşanma halı qeydə alınıbsa, onlardan 4634-nün uşağı olmayıb. 2010-cu ildə 9061 boşanma olub, onlardan 5527-nin uşağı yoxdur. 2011-ci ildə isə 10 747 boşanma olub, onlardan 7368-nin uşağı olmayıb.
Məlumatda bildirilib ki, 2001-ci ildə 0-17 yaş arasında uşaqların sayı 2 998 900 nəfər idisə, 2006-cı ildə bu rəqəm 2719100 nəfər, 2011-ci ildə 2 543 400 nəfər, 2012-ci ilin birinci yarısında 2 539 700 nəfər olub. Cinslər üzrə ümumi əhalinin sayına nisbətən də bu göstəricilər azalan xətt üzrə gedir. Cinslər üzrə əhalinin ümumi sayına nisbətən 0-17 yaşda uşaqlar 2001-ci ildə 37 faiz, 2006-cı ildə 31,8 faiz, 2011-ci ildə 27,9 faiz, 2012-ci ilin əvvəlində 27,5 faiz təşkil edib.
Doğulan uşaqların cins üzrə nisbətinə görə ildən-ilə oğlanların sayı daha çoxluq təşkil edir ki, bu fərq özünü ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayında da göstərir. Belə ki, 2009-cu ildə 637 015 qız, 2010-cu ildə 613 060 qız, 2011-ci ildə isə 597 666 qız təhsil alıb. Rəqəmlərdən göründüyü kimi, qızların sayı ildən-ilə azalır.