Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 29 namizəd barədə müsbət qərar verib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin tələbələr təhsilini Böyük Britaniya (19 nəfər), ABŞ (4 nəfər), Kanada (1 nəfər), İsveçrə (1 nəfər), Almaniya (1 nəfər), İspaniya (1 nəfər), Litva (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (9 nəfər), magistratura (19 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində iqtisadiyyat, mühasibat uçotu, maliyyə, kompüter elmləri, sənaye mühəndisliyi, turizm, biznesin idarəedilməsi, dövlət idarəçiliyi və siyasət kimi ixtisaslar üzrə davam etdirəcəklər.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün sənəd qəbulu 15 avqust 2013-cü il tarixinə kimi davam edəcək. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müsbət qərar verdiyi daha 29 namizədin siyahısı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.