Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 665,3 min nəfər olub, onlardan 4 421,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin siyahı sayı 1 424,8 min nəfər, orta siyahı sayı isə 1 386,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 848,4 min nəfər, qeyri-dövlət bölməsində isə 538,1 min nəfər təşkil edib. Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 37,1 min nəfər, qeyri-neft sektorunda isə 1 349,4 min nəfər çalışıb.
«Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 345,3 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,3%-i məhsul istehsalı sahələrində, onlardan 6,9%-i tikintidə, 6%-i emal sənayesində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,6%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 24%-i təhsil, 19,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,2%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i informasiya və rabitə, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib. Bununla yanaşı, müşahidələr göstərir ki, muzdlu işçilərin bir qismi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir», - deyə Komitədən bildirilib.
Komitədən həmçinin qeyd olunub ki, 2012-ci il noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 37,2 min nəfər olub, onların 42,2%-ni qadınlar təşkil edib. Hər bir boş iş yerinə (vakansiyaya) işsiz statusuna malik olanların 2 nəfəri düşüb. İşsizliyə görə müavinətin orta məbləği 213,5 manat olub.