Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda həyata keçirilən pensiya islahatları nəticəsində pensiyalarının artırılması mexanizminin müasir əsaslarla yenidən qurulması, yəni pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan “APA-Economics”ə verilən məlumata görə, yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək Azərbaycan prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 7 sərəncam verilib. Sonuncu belə sərəncamla pensiyasının baza hissəsi bu ilin sentyabr ayının 1-dən 17,6% artırılaraq 100 manata çatdırılıb.
Beləliklə, sentyabr ayının 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edib ki, bu da MDB məkanında 3-cü (Qazaxıstan (185 ABŞ dolları) və Belarusdan (129 ABŞ dolları) sonra) göstəricidir. Bu məbləğ Rusiyada 109,3 ABŞ dolları, Ukraynada 111,8 dollar təşkil edir.
2003-cü ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 ABŞ dolları), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 ABŞ dolları), yaşa görə pensiyalar (orta aylıq məbləğ 190 manat və ya 243 ABŞ dolları) üzrə əvəzetmə əmsalı 29,3%-dən 45%-ə çatdırılıb. Bu artım dinamikası, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır.