Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov cənub bölgəsinin əhatə etdiyi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində görüşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir vətəndaşların şikayət və təkliflərini dinləyib.
Görüşdə H.Bağirovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-dən artıq vətəndaşın müraciətlərinə baxılıb.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağlı şikayət və təkliflər dinlənilib, vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, şikayət xarakterli müraciətlər isə araşdırılaraq müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınaraq nəzarətə götürülüb.
Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.