Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən 01-15 may tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aparılan araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar 136 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 28 iş üzrə təqsirkarlar 64275 manat məbləğində inzibati qaydada cərimə olunub, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 11006.03 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 175 iş üzrə 30791.18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 13, məhkəmələrə isə 1 iş göndərilib.