Bakı. Etibar Məmmədov – APA. Qarabağ QHT Koalisiyası, qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən bir qrup qeyri-hökumət təşkilatı yazıçı Əkrəm Əylisinin “Daş yuxular” əsəri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, QHT-lər Ə. Əylisinin məhkəməyə verilməsi, “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum olunması üçün Azərbaycan Prezidenti və Milli Məclis qarşısında məsələ qaldıracaqlarını bəyan ediblər.
Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov bildirib ki, bir Azərbaycan vətəndaşı kimi Ə. Əylisli yazdığı romanla özünü və yaradıcılığını ləkələyib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını ortaya qoyub: “Anlamaq olmur ki, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə bu qədər xəyanət edə bilər? Əkrəm Əylisliyə ən sərt şəkildə cəza verilməsi təmin edilməlidir. Biz bu əsəri yazan və onu dəstəkləyənləri də lənətləyirik. İctimai Palata və Ziyalılar Forumunun bu əsərdən xəbəri olub”.
Digər tədbir iştirakçıları da yazıçını tənqid ediblər.